İldırım – qasırğalı buludla yer arasında baş verən, şiddətli gurultu və parlaq qığılcımla müşayiət olunan qısamüddətli təhlükəli elektrik boşalmasıdır. Bu səbəbdən, bir sıra təhlükəsizlik qaydalarına riayət etməliyik.
İldırımdan mühafizə:
Təsərrüfat obyektləri, bina və müxtəlif qurğuların ildırımdan zədələnmə təhlükəsini azaltmaq üçün ildırım ötürücüləri olmalıdır.
İldırım vaxtı nə etməli?
- sobada odu söndürün, qazı bağlayın, elektrik cihazlarını şəbəkədən ayırın;
- evin pəncərə və qapılarını örtün, pəncərənin qarşısında dayanmayın;
- telefonla danışmayın;
- elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmayın;
- daldalanmaq üçün hündür ağacların altında gizlənməyin (əsasən də palıd və qovaq ağacları daha təhlükəlidir);
- nəzərə alın ki, ildırım düşməsi ağacların hündürlüyü ilə düz mütənasibdir. Belə ki, məsələn, ağacın hündürlüyü 4 metrdirsə, həmin ağacdan, ən azı, 4 metr aralı dayanmaq lazımdır;
- düzəngahdasınızsa, yüksək nöqtə kimi ildırımı cəlb etməmək üçün çuxurda çöməlib dizlərinizi qucaqlayaraq oturun;
- yüksəklikdəsinizsə, çökək yerə enin;
- su hövzəsində çimirsinizsə və ya qayıqdasınızsa, dərhal sahilə çıxın;
- yadda saxlayın ki, metal əşya ilə təmas təhlükəlidir (o cümlədən, saat, sırğa, üzük, idman əşyaları və s.);
- avtomobildəsinizsə, hərəkəti dayandırın, onu tərk etmədən şüşələri qaldırıb ildırımın bitməyini gözləyin;
- traktor, otbiçən maşın, motosiklet və ya velosiped sürürsünüzsə, dərhal düşün və ən azı, 30 metr aralanın;
- qrup halındasınızsa, aranızda, ən azı, 1,5 metr məsafə saxlayın.