Uşaq Hüquqları Aylığı çərçivəsində maarifləndirici tədbirlər keçirilib

...

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən “Uşaq Hüquqları Aylığı” çərçivəsində uşaqların fövqəladə hallardan qorunması, təhlükəsizlik qaydaları barədə məlumatlandırılması və bu sahədə biliklərinin artırılması məqsədilə silsilə maarifləndirici tədbirlər həyata keçirilir.

Bu çərçivədə Nazirliyin Fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması idarəsi tərəfindən muxtar respublikanın tam orta məktəblərində maarifləndirici tədbirlər təşkil olunub.

Tədbirlərin əsas məqsədi şagirdlərə təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış qaydalarını aşılamaq, onların bu sahədə bilik və bacarıqlarını artırmaqdan ibarət olub.

Tədbirlər zamanı iştirakçılara fövqəladə halların təsnifatı, muxtar respublika ərazisi üçün xarakterik olan fövqəladə hadisələr və belə hallarda düzgün davranış qaydaları barədə ətraflı məlumat verilib. Bununla yanaşı, yanğın təhlükəsizliyi tələbləri, yanğın zamanı ilkin davranış qaydaları və dəm qazı təhlükəsindən qorunma yolları diqqətə çatdırılıb.

Bununla yanaşı, fövqəladə hallar zamanı xəbərdarlıq siqnallarına uyğun davranış, təxliyənin təşkili, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə, təhlükəsiz ərazilərə keçid və digər mülki müdafiə qaydaları izah edilib.

İnteraktiv formada keçirilən tədbirlərdə şagirdləri maraqlandıran suallar cavablandırılıb, mövzulara uyğun videoçarxlar nümayiş etdirilib, slayd təqdimatları vasitəsilə əyani məlumatlar verilib.