Təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydalar izah olunub

...

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi səlahiyyətlərinə uyğun olaraq muxtar respublika ərazisində insanların həyatının və sağlamlığının fövqəladə hallardan qorunması və əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilir.

Belə ki, Nazirliyin Fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması idarəsinin əməkdaşları tərəfindən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində, Dövlət Statistika Komitəsində, Bioresurslar İnstitutunda, Naxçıvan şəhər Vergilər İdarəsində, Hərbi Məhkəmədə, Naxçıvan şəhər Bulqan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində, “Darıdağ Karbon” Məhdud Məsuliyyətli Cəmiyyətində, “Bizim Qida” Məhdud Məsuliyyətli Cəmiyyətində, Ordubad rayon Sabir kənd, Babək rayon Çeşməbasar və Gülşənabad kənd tam orta məktəblərində maarifləndirici tədbirlər və seminar-müşavirələr keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, muxtar respublika ərazisi üçün xarakterik olan fövqəladə hallar, fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları, qış mövsümü dövründə ehtimal olunan hadisələr, dəm qazı təhlükəsindən qorunmanın mümkün yolları, eləcə də Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xətti və Dövlət Yanğından Mühafizə Hissələrinin 101 xidməti nömrələrinin təyinatı izah olunub.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

Tədbirlər müddətində iştirakçılara videoçarx və slaydlar təqdim olunub.