Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyinə həsr edilən valeybol yarış keçirilib.
Nazirliyin aparatı və struktur qurumlarının əməkdaşları arasında keçirilən yarışın məqsədi şəxsi heyət arasında fiziki keyfiyyətlərin inkişaf etdirilməsinə və mənəvi-psixoloji xüsusiyyətlərin tərbiyə edilməsi nail olmaqdır.
İdman yarışından öncə ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Nazirliyin fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması idarəsinin rəisi Xəyyam Muradov çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıb.
İştirakçılara idman yarışının keçirilməsinin planı və qaydaları barədə məlumat verildikdən sonra yarışa start verilib. Valeybol yarışında Mülki müdafiə alayı, Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Hissələrindən ümumilikdə 10 komanda gücünü sınayıb.
Yekun nəticəyə əsasən Ordubad rayon Dövlət Yanğından Mühafizə Hissəsinin komandası birinci, Culfa rayon Dövlət Yanğından Mühafizə Hissəsinin komandası ikinci, Kəngərli rayon Dövlət Yanğından Mühafizə Hissəsini komandası isə üçüncü yerə layiq görülüb.
Birinci yerə layiq görülən komanda kubokla, ikinci və üçüncü yeri tutan komandalar medallarla və Nazirliyin Fəxri fərmanları ilə mükafatlandırılıb.