Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə payız-qış mövsümü dövründə partlayış, yanğın və dəm qazından zəhərlənmə hallarının qarşısının alınması, eləcə də qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə Naxçıvan Şəhər İcra Hakimiyyətində seminar-müşavirə keçirilib.
Tədbirin keçirilməsində məqsəd Naxçıvan şəhəri ərazisində payız-qış mövsümü dövründə baş verə biləcək partlayış, yanğın və dəm qazından zəhərlənmə hallarının qarşısının alınması məqsədilə tədbirlər görmək və bu istiqamətdə maarifləndirilmə tədbirləri həyata keçirməkdən ibarətdir.
Naxçıvan şəhər Prokurorluğunun və Polis İdarəsinin əməkdaşlarının, Naxçıvan şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndələrin, bələdiyyələrin, mənzil istismar xidmətlərinin, İstilik Təsərrüfatı İdarəsinin, Qaz İstismar Xidmətinin, Elektrik şəbəkəsinin rəhbərləri və digər cavabdeh vəzifəli şəxslərin iştirakı ilə keçirilən tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Əhməd Vəliyev qış mövsümünə hazırlıqla bağlı həyata keçirilən işlərdən danışıb.
Seminar-müşavirədə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların xəbərdar edilməsi şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Mirtaleh Seyidov, Nazirliyinin Dövlət Sənaye və Dağ-Mədən Təhlükəsizliyi İdarəsinin rəis müavini Vəli Cəfərov çıxış edərək payız-qış mövsümü dövründə inzibati və ictimai yaşayış binalarının qazanxanalarında, yaşayış sahələrində qaz təchizatından istifadə zamanı partlayış, yanğın və dəm qazından zəhərlənmə hallarının, eləcə də ehtimal edilən digər fövqəladə hadisələrin qarşısının alınması məqsədilə görüləcək tədbirlərdən bəhs ediblər.
Fərdi və mərkəzləşdirilmiş qazanxanaların istismarı zamanı tələb olunan texniki təhlükəsizlik qaydalarına riayət olunmasının, qazanxanalarda işləyəcək mövsümü işçilərin peşə kurslarına cəlb olunması vacibliyindən danışıblar.
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin baş mühəndisi Səbuhi Talıbov şəhər ərazisində payız-qış mövsümü dövründə ictimai yaşayış binalarının qızdırılması üçün quraşdırılmış fərdi və mərkəzləşdirilmiş qazanxanalarda qışa hazırlıqla bağlı görülən işlər və mövsümi işçilərin kurslara cəlb olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Həmçinin müşavirədə aidiyyəti qurumların nümayəndələrinin çıxışları dinlənilib, müşavirə iştirakçıları qarşıdan gələn mövsüm üçün bütün qurumların birgə fəaliyyətinin əhəmiyyətini qeyd edərək, əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində koordinasiyalı işin davam etdirilməsinin zəruriliyini bildiriblər.
Müşavirə müddətində iştirakçılara məişətdə yanğın təhlükəsizliyi və dəm qazı təhlükəsindən qorunmanın yolları mövzusunda videoçarx təqdim olunub.