Naxçıvan şəhər İcra Hakimiyyətində Naxçıvan şəhər ərazisində payız-qış mövsümü dövründə partlayış, yanğın və dəm qazından zəhərlənmə hallarının qarşısının alınması və qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə seminar-müşavirə keçirilib.
Naxçıvan şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndələrin, bələdiyyələrin, mənzil istismar xidmətlərinin, İstilik Təsərrüfatı İdarəsinin, Qaz İstismar Xidmətinin, Elektrik şəbəkəsinin rəhbərləri və digər cavabdeh vəzifəli şəxslərin iştirakı ilə keçirilən tədbirdə Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova qış mövsümünə hazırlıqla bağlı həyat keçirlə işlərdən danışıb.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin şöbə rəisi daxili xidmət polkovnik-leytenantı Mirtaleh Seyidov Naxçıvan şəhəri ərazisində payız-qış mövsümü dövründə inzibati və ictimai yaşayış binalarının qazanxanalarında, yaşayış sahələrində qaz təchizatından istifadə zamanı partlayış, yanğın və dəm qazından zəhərlənmə hallarının, eləcə də ehtimal edilən digər fövqəladə hadisələrin qarşısının alınması məqsədilə görüləcək tədbirlərdən bəhs edib.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları daxili xidmət mayoru Turan Şahhüseynov və daxili xidmət kapitanı Toğrul Hacıyev yaşayış məntəqələrində baş verən yanğın hadisələrinin səbəbləri, inzibati və ictimai yaşayış binalarında yanğın təhlükəsizliyi ilə bağlı müəyyən olunan tələblərə riayət olunması, yanğın təhlükəsizlik məsələləri ilə bağlı əhali arasında maarifləndirmə tədbirlərinin həyata keçiriməsi haqqında məlumatlar veriblər.
Seminar-müşavirə aidiyyəti dövlət qurumlarının müvafiq vəzifəli şəxsləri tərəfindən Naxçıvan şəhəri ərazisində payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlərlə bağlı çıxışları dinlənilib və suallara aydınlıq gətirilib.
Sonda videoçarx nümayiş olunub.