Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyində Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib

...

Xocalı soyqırımının ildönümünə həsr olunan tədbir soyqırımı qurbanlarının, eləcə də Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri general-mayor Şahin Mirzəyev Xocalı soyqırımının XX əsrin ən böyük faciələrindən biri olduğunu qeyd edib. Törədilən soyqırımı aktının erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi terror və kütləvi qırğın siyasətinin tərkib hissəsi olduğunu vurğulayaraq bu faciənin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönələn ən ağır cinayət olduğunu diqqətə çatdırıb.

Fövqəladə hallar naziri Xocalı faciəsinə ilk dəfə hüquqi-siyasi qiymətin ulu öndər Heydər Əliyev tərəfindən verildiyini vurğulayıb.

Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə şanlı Ordumuzun qəhrəmanlığı sayəsində Vətən müharibəsində qazandığımız Böyük Zəfər və lokal xarakterli antiterror tədbirləri nəticəsində torpaqlarımız işğaldan azad edildi və Xocalı soyqırımı qurbanlarının, şəhidlərimizin qanı yerdə qalmadı. Üçrəngli bayrağımız işğaldan azad olunan bütün əzəli torpqalarımızda olduğu kimi Xocalı şəhərində də qürurla dalğalanır.

Tədbirdə Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini mayor Nicat Seyidzadə və Nazirliyin Katiblik və ictimaiyyətlə əlaqə şöbəsinin rəisi baş leytenant Zülfüqar Zülfüqarov dövlətimiz tərəfindən Xocalı soyqırımını törədənlərin ifşa olunması və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılması, beynəlxalq aləmdə yayılması, bu soyqırımına obyektiv qiymət verilməsi məqsədilə davamlı addımların atıldığını qeyd ediblər.

Tədbirin sonunda Xocalı soyqırımına həsr olunan videoçarx nümayiş olunub.