Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, 21–23 oktyabr tarixlərində Naxçıvan Muxtar Respublikası ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı ərazilərdə qısamüddətli leysan xarakterli intensiv yağıntıların olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal edilir. Gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahidə olunacağı proqnozlaşdırılır. Şərq küləyinin sürətinin 5–10 m/s, bəzi yerlərdə arabir 12–15 m/s olacağı gözlənilir. Havanın temperaturu gecə 10–15°, gündüz 21–26° isti olacaq.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhalini gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar diqqətli olmağa və müvafiq təhlükəsizlik qaydalarına əməl etməyə çağırır.
İntensiv yağıntılar zamanı mümkün sel və daşqın təhlükəsinə qarşı diqqətli olun, çay məcralarından və təhlükəli ərazilərdən uzaq durun. Belə təhlükə ilə üzləşdikdə dərhal təhlükəsiz və yüksək əraziyə çəkilin, xilasedicilərin çağırış və tövsiyələrinə əməl edin.
Şimşək çaxarkən elektrik cihazlarını şəbəkədən ayırın, açıq ərazilərdə, elektrik xətlərinin, ildırımötürücülərin və hündür ağacların yaxınlığında dayanmayın. Mümkün qədər qapalı məkanlarda və ya təhlükəsiz avtomobildə qalın.
Güclü külək zamanı yüngül konstruksiyalı tikililərdən, reklam lövhələrindən, elektrik dirəklərindən və naqillərindən uzaq durun. Hündür ağacların altında dayanmayın, küləyin təsiri ilə yerindən qopa və ya aşa biləcək əşyalara qarşı ehtiyatlı olun.
Gecə və səhər saatlarında duman səbəbindən görünüş məsafəsinin azalmasını nəzərə alaraq, sürücülərə sürət həddini hava şəraitinə uyğun seçmək, ara məsafəsini qorumaq və diqqətli hərəkət etmək tövsiyə olunur.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!