Hidrotexniki və energetika qurğularının təhlükəsiz istismarı qaydaları ilə bağlı maarifləndirici tədbir təşkil olunub

...

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Sənaye və Dağ-Mədən Təhlükəsizliyi İdarəsi tərəfindən hidrotexniki və energetika qurğularının təhlükəsiz və dayanıqlı istismarının təmin edilməsi məqsədilə “Hidrotexniki və energetika qurğularının təhlükəsiz istismarı qaydaları” mövzusunda seminar-müşavirə keçirilib.

Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müvafiq institutunun məsul əməkdaşları, aidiyyəti dövlət qurumlarının nümayəndələri, hidrotexniki qurğuların istismarı ilə məşğul olan müəssisələrin rəhbər və mühəndis heyəti, texniki nəzarət və təhlükəsizlik üzrə məsul şəxslərin iştirakı ilə keçirilən tədbirin məqsədi su anbarları, bəndlər, kanallar və digər hidrotexniki qurğuların təhlükəsiz və dayanıqlı istismarının təmin edilməsi, həmçinin mümkün fövqəladə halların qarşısının alınması olub.

Tədbirdə Dövlət Sənaye və Dağ-Mədən Təhlükəsizliyi İdarəsinin rəisi İlqar Qocayev çıxışı zamanı hidrotexniki və energetika qurğularının təhlükəsiz istismarı üzrə normativ-hüquqi tələblər, texniki baxış və monitorinq qaydaları, risklərin qiymətləndirilməsi mexanizmləri, eləcə də qəza və fövqəladə hallar zamanı fəaliyyət planları barədə ətraflı məlumat verib. Bildirilib ki, qurğuların konstruktiv elementlərinin mütəmadi yoxlanılması, erkən xəbərdarlıq sistemlərinin tətbiqi və məsul şəxslərin peşə hazırlığının artırılması təhlükəsizlik səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır.

Tədbir çərçivəsində mümkün qəza ssenariləri üzrə praktiki müzakirələr aparılıb, operativ qərar qəbuletmə və qurumlararası koordinasiya məsələlərinə toxunulub. Bu istiqamətdə maarifləndirici və nəzarət tədbirlərinin davam etdiriləcəyi bildirilib.