Fövqəladə Hallar Nazirliyi qeyri-çimərlik ərazilərdən istifadə ilə əlaqədar əhaliyə müraciət edib

...

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən mütəmadi olaraq çimərliklərdə və kütləvi istirahət yerlərində insanların rahatlığı və təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər görülür, vətəndaşlarla maarifləndirmə işləri aparılır. Aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə bildirməliyik ki, yenə də bəzi vətəndaşlar, o cümlədən uşaq və yeniyetmələr tərəfindən çimərlik kimi nəzərdə tutulmayan kanal, çay, arx, süni göl və digər su hövzələrindən çimərlik kimi istifadə faktlarına rast gəlinir.  Bu da bir sıra hallarda acı nəticələrə gətirib çıxarır.

 

Nəzərə alınmalıdır ki, çimərlik üçün nəzərdə tutulmayan kanal, arx, çay, göl və digər su hövzələrinin təhlükəli sualtı relyefə, sürətli axına, qeyri-müəyyən dərinliyə, məhdud görüntü və digər təhlükəli xüsusiyyətlərə malik olması həmin hövzələrdən yayda sərinləmək məqsədilə istifadə zamanı həyat və sağlamlıq üçün ciddi təhlükə yaradır.

 

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə, xüsusilə valideynlərə müraciət edərək, uşaq və yeniyetmələri nəzarətsiz qoymamağa, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə və çimərlik kimi nəzərdə tutulmayan su hövzələrindən istifadə etməməyə çağırır.