Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar və Ədliyyə nazirliklərinin birgə təşkilatçılığı ilə Penitensiar Xidmətin Qarışıq rejimli cəzaçəkmə müəssisəsində “Qapalı müəssisələrdə fövqəladə hallara hazırlığın vəziyyəti diqqət mərkəzində saxlanılır, fövqəladə hallar zamanı davranış və təxliyə qaydaları” mövzusunda seminar-müşavirə və məşğələ keçirilib.
Məşqə FHN-in Dövlət Yanğından Mühafizə İdarəsinin müvafiq canlı qüvvə və texnikası cəlb edilib.
Təlimin keçirilməsində məqsəd Penitensiar Xidmətin əməkdaşlarına fövqəladə hallar, o cümlədən yanğınlarla bağlı davranış qaydalarının aşılanması, bu kimi müəssisələrdə yanğın zamanı yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının artırılması olub.
Tədbirin nəzəri hissəsində çıxış edənlər fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları və təxliyə tədbirləri barədə ətraflı məlumat veriblər.
Təlimin praktiki hissəsində müəssisə ərazisində şərti yanğınla əlaqədar “Həyəcan” siqnalı verildikdən sonra “xəsarət alanların xilas edilməsi”, ilk tibbi yardımın göstərilməsi, ərazilərdə baş verən “yanğınların” söndürülməsində müəssisənin əməkdaşları ilə Dövlət Yanğından Mühafizə İdarəsinin yanğından mühafizə bölmələrinin qarşılıqlı əlaqədə fəaliyyətinin əlaqələndirilməsi məqsədilə məşq keçirilib.
Uğurla keçən məşqdən sonra əldə edilən nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib və müəssisənin yanğın təhlükəsizliyinə məsul əməkdaşlarına maarifləndirici materiallar təqdim olunub.