Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə “Cahan” Gənclər Şəhərciyi Yaşayış Kompleksində “Çoxmərtəbəli yaşayış binalarında ehtimal olunan yanğın hadisələri, yanğın hadisələrinin qarşısının alınması üçün görüləcək tədbirlər, yanğınların söndürülməsi və insanların təxliyəsinin təşkili qaydaları” mövzusunda seminar-məşğələ keçirilib.
Tədbirin keçirilməsində məqsəd yüksəkmərtəbəli yaşayış binalarında yanğın baş verdikdə əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, müəssisənin personalının yanğınlarla bağlı davranış qaydaları barədə maarifləndirilməsi olub.
Tədbirin nəzəri hissəsində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən çoxmərtəbəli yaşayış komplekslərində yanğın təhlükəsizliyi qaydaları və yanğın hadisələrinin qarşısının alınması üçün görüləcək zəruri tədbirlər, eləcə də yanğın-xilasetmə qüvvələrinin əraziyə maneəsiz girişinin təmin olunmasının vacibliyi barədə məlumatlar verilib.
İnteraktiv formada keçirilən tədbir zamanı suallar ətraflı cavablandırılıb, videoçarx və slaydlar təqdim olunub.
Tədbirin praktiki hissəsində çoxmərtəbəli yaşayış binasında baş verən şərti yanğın yerinə operativ çatan yanğından mühafizə bölmələri sakinlərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatını yerinə yetiriblər.
Eyni zamanda yaşayış kompleksinin personalına yanğın su kranlarından və odsöndürücü balonlarından istifadə qaydaları barədə məlumat verilib.