Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə “Yay mövsümündə yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr” mövzusunda seminar-müşavirə keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar, Daxili İşlər, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin həmçinin Babək Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri, eləcə də rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Müşavirədə yay mövsümünün başlanması ilə əlaqədar xüsusilə taxıl biçini dövründə, meşə və yaşıllıq sahələrində yanğın təhlükəsizliyinin təmin edilməsi, dənli bitkilərin itkisiz yığılması və yanğın hadisələrinə qarşı qabaqlayıcı profilaktik tədbirlərin gücləndirilməsi məsələləri geniş müzakirə olunub. Çıxış edənlər aidiyyəti qurumların qarşısında duran vəzifələri diqqətə çatdıraraq əhali arasında maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Sonda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb və müvafiq tapşırıqlar verilib.