Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Belə ki, 2024-cü ilin yanvar-iyul ayları ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə 74037 zəng dахil оlub, zənglər dərhal aidiyyəti üzrə ötürülüb. Daxil olan zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən 252 yanğın hadisəsinə çıxış olub. 18 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Yanğınların 7 faizi yaşayış binaları və fərdi evlərdə, 56 faizi açıq sahələrdə, 0,8 faizi biçilməmiş taxıl zəmilərində, 3 faizi nəqliyyat vasitələrində, 33 faizi isə digər yerlərdə baş verib.
Muxtar respublikada 12 müxtəlif ərazidə döyüş sursatları tapılıb və zərərsizləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülüb. İntensiv yağışlar səbəbindən fərdi yaşayış evlərinin və həyətyanı sahələrin su basması ilə əlaqədar 42 məlumat daxil olub. Nazirliyinin qüvvələri həmin ərazilərə cəlb olunaraq yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.
Uzunoba çimərliyində 5 min 176 nəfər vətəndaşın təhlükəsiz istirahəti təmin olunub. Çimərlik ərasisində suda boğulma təhlükəsi ilə üzləşən 5 nəfər vətəndaş xilasedicilər tərəfindən xilas edilərək ilkin tibbi yardım göstərilib. Çimərlik üçün nəzərdə tutulmayan ərazidən isə xilasedici-dalğıcları tərəfindən 2 nəfər zərərçəkmişin cəsədləri çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə 8301 nəfərin iştirakı ilə silsilə tədbirlər keçirilib.