“Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Xüsusi Riskli Xilasetmə Xidmətinin fəaliyyəti, axtarış və qəza-xilasetmə əməliyyatlarının aparılması” mövzusunda keçirilən təlimin məqsədi xilasedicilərin peşəkarlığının artırılması, axtarış-xilasetmə qayda və üsullarını məşq etdirməkdən ibarət olub.
Təlimin planına uyğun olaraq “112” qaynar telefon xəttinə şərti olaraq “zəlzələ baş verməsi, köhnə tikililərin və kommunikasiya xətlərinin dağıntılara və digər fəsadlara məruz qalması barədə” məlumat daxil olub.
“Məlumat”la əlaqədar Xidmətin müvafiq xilasetmə qüvvələrinin dərhal hazırlıq vəziyyətinə gətirilərək “hadisə zonasına yürüşü” təşkil edilib, həyata keçirilən operativ tədbirlər sayəsində “həyati təhlükə ilə üzləşmiş vətəndaşlar” xilas ediliblər.
Təlim zamanı diqqət əməkdaşların baş verən fövqəladə hal zamanı vəziyyətin çevik təhlili, operativ qərarvermə, qəza-xilasetmə qüvvələrinin koordinasiyası və tətbiqi üzrə təcrübələrinin təkmilləşdirilməsinə yönəldilib.
Uğurla keçirilən təlimdən sonra nəticələr müzakirə edilib, müvafiq tapşırıqlar verilib.