Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi və Naxçıvan Beynəlxalq Hava Limanı birgə “Qəza-xilasetmə komandalarının fəaliyyətinin təkmilləşdirilməsi, bu istiqamətdə FHN-nin və digər qurumların müvafiq bölmələri ilə koordinasiyasının təşkili” mövzusunda təlim keçirilib.
Təlim hava limanında yanğın təhlükəsizliyi tədbirlərinin səmərəliliyinin, habelə fövqəladə hallara çevik reaksiya verilməsi imkanlarının artırılması, eyni zamanda hava limanı ilə müvafiq dövlət qurumları arasında xilasetmə əməliyyatlarında qarşılıqlı fəaliyyət və koordinasiyanın gücləndirilməsi məqsədilə təşkil edilib.
Təlimdə Naxçıvan Beynəlxalq Hava Limanının xüsusi avadanlıqlarla təchiz olunmuş yanğınsöndürmə və xilasetmə heyətləri, tibbi personalı və Fövqəladə Hallar Nazirliyinin müvafiq bölmələri, eləcə də Daxili İşlər və Səhiyyə nazirliklərinin qüvvələri iştirak ediblər.
Təlim planına uyğun olaraq əvvəlcə tədris nöqtələri barədə məlumat verilib, fəaliyyət ardıcıllığı müəyyənləşdirilib. Daha sonra Muxtar Respublikanın müvafiq qurumları həyəcan siqnalı ilə qaldırılaraq hava limanı ərazisində, həmçinin hava limanından kənarda aviasiya qəzası şəraitində fövqəladə vəziyyətin idarə olunması və aradan qaldırılması, sərnişin terminallarında, aeronaviqasiya qülləsində, yanacaq-sürtgü materialları anbarında baş verə biləcək yanğınların söndürülməsi, sərnişinlərin və yüklərin hava gəmisindən, sərnişin terminalından təhlükəsiz təxliyəsi, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi üzrə əməliyyat mərhələləri icra olunub.
Simulyasiya edilmiş əməliyyatlar zamanı bütün tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirilib və qarşıya qoyulan məqsədlərə tam şəkildə nail olunub. Təlim, fövqəladə hallara hazırlığın və əlaqələndirilmiş fəaliyyətin real sınağı olmaqla yanaşı, iştirakçı qurumlar arasında əməliyyat sinxronizasiyasının təkmilləşdirilməsinə mühüm töhfə verib.