FHN Naxçıvan şəhəri 14 nömrəli məktəbdə təlim keçirib

...

Fövqəladə Hallar Nazirliyi tərəfindən Naxçıvan şəhərində yerləşən 14 nömrəli tam orta məktəbdə “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib.

Naxçıvan Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarının müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd məktəbin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması olub.

Təlimdə Azərbaycan FHN-in İctimaiyyətlə əlaqə idarəsi, Naxçıvan Fövqəladə Hallar Nazirliyinin müvafiq vəzifəli şəxsləri və məktəbin kollektivi iştirak edib.

Əvvəlcə, təlimin nəzəri hissəsi çərçivəsində FHN-in əməkdaşları məktəb kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verib, bu barədə videoçarxlar nümayiş etdirilib.

Sonra təlimin praktiki hissəsinə start verilib. Tədbirdə şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra FHN-in yanğınsöndürənləri operativ qaydada hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Şərti yanğın baş vermiş məktəbdə təxliyə planına uyğun olaraq, şagirlərin və müəllimlərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, “zərərçəkmişlər xilas olunaraq onlara ilkin yardım göstərilib”.

Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Qeyd edək ki, bu cür tədbirlər Fövqəladə Hallar Nazirliyi tərəfindən mütəmadi olaraq təşkil olunur.