Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib

...

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Sonra Heydər Əliyev Muzeyi ziyarət olunub.

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyində keçirilən tədbir Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, general-mayor Şahin Mirzəyev müstəqil Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasətçi, Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətlərindən, dövlətçiliyimizin qorunması naminə həyata keçirdiyi daxili və xarici siyasətdən danışıb. Bildirib ki, Ümummilli Lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün illərdə tariximizə, mədəniyyətimizə, milli dəyərlərimizə, elmimizə, təhsilimizə və ordu quruculuğuna xüsusi diqqət və qayğı göstərib. Bu gün həyatımızın elə bir sahəsi yoxdur ki, orada ulu öndərin izi olmasın. “Ümummilli Lider Heydər Əliyev ideyası Azərbaycanın uğurlu gələcəyidir”, – deyən fövqəladə hallar naziri dahi şəxsiyyətin siyasətinin, əbədiyaşar ideyalarının bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Qeyd olunub ki, nə qədər ki, Ulu öndər Heydər Əliyev ideyaları var və yaşadılır Azərbaycanımız daim yüksələcək və dünyaya öz şöhrəti ilə nur salacaqdır.

Tədbirdə Fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması idarəsinin rəisi mayor Xəyyam Muradov çıxış edərək bildirib ki, yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyan Azərbaycan xalqı bundan sonra da bu müqəddəs mirası qoruyub saxlayaraq yeni uğurları ilə region və dünya sivilizasiyasına öz töhfəsini verəcəkdir.

Sonda Ümummilli Liderin həyat və siyasi fəaliyyətindən bəhs edən videomateriala baxış olub.