Ötən həftə 5 yanğın hadisəsinə çıxış olub

...

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Ötən həftə ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən 5 yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə qalma, 2 müxtəlif ərazidə hərbi sursatların aşkar olunması faktları üzrə və subasmaya məruz qalan 19 ünvanda qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların daha geniş sahələrə yayılmasının qarşısı alınaraq operativ söndürülməsi təmin edilib, mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan 1 nəfər xilas edilib.

Avtonəqliyyat qəzası zamanı  deformasiyaya uğrayan nəqliyyat vasitəsindən 1 nəfər yaralı vəziyyətdə çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Babək və Ordubad rayonları ərazisində aşkar edilən hərbi sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün götürülərək kənarlaşdırılıb.

İntensiv yağışlar səbəbindən  Naxçıvan şəhərində su basmış ümumilikdə 19 ünvanda suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.