Təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları izah olunub

...

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi səlahiyyətlərinə uyğun olaraq muxtar respublika ərazisində insanların həyatının və sağlamlığının fövqəladə hallardan qorunması və əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilir.

Belə ki, Nazirliyin Fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması idarəsinin əməkdaşları tərəfindən Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyində, Qida Təhlükəsizliyi Agentliyinin Babək regional bölməsində, Naxçıvan Dövlət Tarix Muzeyində, Şahbuz rayon Mədəniyyət Sarayında və “Duzdağ Estate” MMC-də maarifləndirici tədbirlər və seminar-müşavirələr keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, muxtar respublika ərazisi üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yaşayış sahələrində yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları, yay mövsümü dövründə mülkiyyətlərdə, biçilmiş taxıl, həyətyanı, əkin-otlaq sahələrində və meşələrdə yanğın təhlükəsizliyi tədbirləri, məişət qaz və elektrik cihazlarından təhlükəsiz istifadə qaydaları barədə ətraflı məlumat verilib.

Həmçinin Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xətti və Dövlət Yanğından Mühafizə Hissələrinin 101 xidməti nömrələrinin təyinatı izah olunub.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb. Tədbirlər müddətində iştirakçılara videoçarx və slaydlar təqdim olunub.