Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi səlahiyyətlərinə uyğun olaraq muxtar respublika ərazisində insanların həyatının və sağlamlığının fövqəladə hallardan qorunması və əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilir.
Belə ki, Nazirliyin Fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması idarəsinin əməkdaşları tərəfindən Dövlət Vergi Xidmətində, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində, Culfa rayonunda, Babək rayon Naxışnərgiz kəndində və Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbdə maarifləndirici tədbirlər və seminar-müşavirələr keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, muxtar respublika ərazisi üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb. Tədbirlər müddətində iştirakçılara videoçarx və slaydlar təqdim olunub.