"31 Mart – Azərbaycanlıların Soyqırımı günüdən 106 il ötür" mövzusunda keçirilən anım tədbiri soyqırım qurbanlarının və Vətənimiz uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Resublikasının fövqəladə hallar naziri general-mayor Şahin Mirzəyev bildirib ki, erməni millətçilərinin xalqımıza qarşı tarixin müxtəlif mərhələlərində həyata keçirdikləri etnik təmizləmə siyasətinin ən qanlı səhifələrindən biri də 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı törədilən soyqırımı hadisələridir. 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. 106 il əvvəl həyata keçirilən bu soyqırımı və etnik təmizləmə erməni millətinin əsl simasını və xislətini ortaya qoydu.
Vurğulanıb ki, ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra ermənilərin xalqımıza qarşı törədikləri soyqırımların mahiyyəti tam açılıb, həmin hadisələrə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Dahi şəxsiyyət torpaqlarımızın işğalının qarşısını alıb, güclü dövlət və güclü ordu yaradıb, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması və erməni saxtakarlığının ifşası istiqamətində tədbirlər görüb. Ulu Öndərin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə ermənilərin Azərbaycan xalqına qarşı apardığı soyqırımı siyasəti dərindən təhlil olunub.
Diqqətə çatdırılıb ki, son illər bu istiqamətdə aparılan araşdırmalar nəticəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkar edilib. Həmin ərazidə yaradılan Quba Soyqırımı Memorial Kompleksi ermənilərin günahsız azərbaycanlılara qarşı vandalizm hərəkətlərini əyani sübutlarla özündə əks etdirir.
Qeyd olunub ki, bu gün hər bir azərbaycanlı bəşər tarixində ən qanlı cinayətlərdən biri olan 31 mart soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad etməklə yanaşı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı tarixi Qələbənin sevincini yaşayır. Qəhrəman ordumuz düşməni darmadağın edərək bütün şəhidlərimizin, həmçinin 31 mart soyqırımı qurbanlarının qisasını aldı. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin uzaqgörən siyasəti və qətiyyəti sayəsində işğaldan azad edilən qədim Azərbaycan torpaqlarında indi üçrəngli dövlət bayrağımız əzəmətlə dalğalanır.
Tədbirdə Nazirliyin Fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması idarəsinin rəisi mayor Xəyyam Muradov çıxış edib və 31 Mart - azərbaycanlıların soyqırımına həsr olunan videoçarx nümayiş olunub.