Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyinə dair seminar-müşavirə keçirilib

...

Müşavirədə Nаxçıvаn Muxtar Respublikasının Fövqəladə Hallar, Daxili İşlər, Kənd Təsərüffatı, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin nümayəndələri, eləcə də yerli icra hakimiyyəti orqanlarının, “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyəti və “Naxçıvan Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin müvafiq vəzifəli şəxsləri iştirak ediblər.

Tədbirdə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə, eləcə də meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyinin təmin edilməsi, həmçinin rayonların ərazisində açıq sahələrdə yanğın təhlükəsi yaradan quru ot, kol-kos, məişət tullantılarının vaxtında təmizlənməsi ilə əlaqədar aidiyyəti təşkilatlar qarşısında məsələlər qaldırılıb, yanğın təhlükəsizliyi ilə bağlı müvafiq qaydalar izah olunub.

İştirakçılara meşə təsərrüfatı işçiləri tərəfindən yanğınsöndürmə vasitələrindən düzgün istifadə qaydalarının öyrənilməsi, təbii və süni su mənbələrinin, keçidlərin yerlərinin dəqiqləşdirilməsinin, meşə sahələri ilə həmsərhəd olan taxıl sahələri, kommunikasiya xətləri, o cümlədən avtomobil yolları arasında mineral zolaqların yaradılması ilə eni 4 metrdən az olmamaqla şumlamanın, həmçinin meşəərtafı kəndlərdə yaşayan vətəndaşların yanğın təhlükəsizliyi sahəsində maarifləndirilməsinin vacibliyini çatdırılıb.

Qeyd olunub ki, araşdırma zamanı yanğınların müxtəlif səbəblərdən, siqaret çəkmə zamanı ehtiyatsızlıqdan, nəqliyyat vasitələrinin sistemlərinin, mexanizmlərinin və hissələrinin nasazlığından, yüksək gərginlikli hava elektrik xətlərində baş verən qəzadan, ocaqdan düşən qığılcımdan, kombaynlarda və digər texnikaların atqı borularında qığılcımsöndürənin olmamasından, biçilmiş sahələrin yandırılması səbəbindən baş verdiyi məlum olub. Diqqətə çatdırılıb ki, biçilmiş taxıl sahələrinin yandırılması qadağandır və buna görə taxıl sahəsinin sahibi məsuliyyət daşıyır.

Seminar-müşavirədə yerli idarəetmə orqanları tərəfindən də əhali arasında sözügedən sahəyə dair maarifləndirmə işinin aparılmasının vacibliyi vurğulanıb.