Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilir.

...

Belə ki, 20-24 may tarixlərində Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları iştirakı ilə Kəngərli rayon Qıvraq qəsəbəsində, Culfa Rayon Mədəniyyət Sarayında, Babək rayon Şəkərabad və Ordubad rayon Dəstə kəndlərində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə müvafiq biliklərin verilməsi olub.

Tədbirlər zamanı inzibati binada təxliyə planından düzgün istifadə olunmasının, ehtiyat çıxış qapıları və zirzəminin istifadəyə daim yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchizatın vacibliyi diqqətə çatdırılıb. Həmçinin, baş verə biləcək yanğınlar zamanı ilkin zəruri davranış qaydaları barədə geniş məlumat verilib, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinin təyinatı izah olunub.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.