Əvvəlcə nazirliyin kollektivi Zəfər Parkını ziyarət edib.
Fövqəladə Hallar Nazirliyinin inzibati binasında keçirilən tədbirdə öncə Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi uğrunda canından keçən Vətən oğul və qızlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, general-mayor Şahin Mirzəyev kollektivi 8 noyabr - milli qürur, qələbə və zəfər bayramı münasibəti ilə təbrik edib, xidmətlərində uğurlar arzulayıb. Bildirilib ki, noyabr ayı müstəqil Azərbaycanın müasir tarixində artıq zəfər, qələbə ayı kimi qalacaqdır.
Qeyd olunub ki, bu gün ən böyük arzusu vətən torpaqlarını azad görmək olan Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəman şəhidlərimizin ruhları şaddır. Xalqımız bu böyük tarixi qələbənin xoşbəxtliyi və sevincini yaşayır. 44 günlük haqq savaşında Azərbaycan xalqının sarsılmaz birliyi, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dəmir iradəsi və rəşadətli Azərbaycan Ordusunun yenilməz gücü qarşısında düşmən diz çökərək təslim oldu. Xalqımızın 30 illik həsrətinə son qoyuldu. Şəhidlərimizin qisası alındı.
Vurğulanıb ki, Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Prezident cənab İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi.
Tədbirdə Mülki müdafiə və əməliyyat planlaşdırma işinin təşkili idarəsinin rəisi mayor Şərif Əsədov çıxış edərək diqqətə çatıdırıb ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı yeni tarixi dönəmə qədəm qoyub, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, beynəlxalq siyasətdəki yeni rolu, özünəməxsus və güclü mövqeyi ilə yeni tarix yaratmaqdadır. Yeni tarixi dönəm isə, daha da inkişaf edən, daha da çiçəklənən Azərbaycandır.
Tədbirin sonunda şanlı qələbəmizdən bəhs edən video materiala baxış olub.