Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə və əməliyyat planlaşdırma işinin təşkili idarəsi tərəfindən Kəngərli rayonunda tədris-metodiki toplanış keçirilib

...

Naxçıvan Muxtar Respublikasının və Kəngərli rayonunun 2025-ci il üçün Mülki müdafiə tədbirləri planına uyğun olaraq, “Fövqəladə hallar zamanı idarəetmənin, qarşılıqlı fəaliyyətin təşkili, hərbiləşdirilməmiş mülki müdafiə dəstələri, rəhbər və komandir-rəis heyətinin təyinatı, tərkibi və vəzifələri” mövzusunda rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin rəhbər, komandir-rəis heyəti ilə tədris-metodiki toplanış keçirilib.

 

Kəngərli Rayon İcra Hakimiyyətinin şöbə müdiri Rəşad Həsənzadə çıxış edərək bildirib ki, tədbirin keçirilməsində məqsədi rayon ərazisində  ehtimal olunan fövqəladə hallarda mühafizə üsul və qaydalarını öyrətmək, hərbiləşdirilməmiş mülki müdafiə qüvvələrinin qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında operativ idarə olunması və metodiki köməklik göstərilməsidir.

 

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə və əməliyyat planlaşdırma işinin təşkili idarəsinin rəisi, mayor Şərif  Əsədov mülki müdafiənin məqsədləri və təşkil olunma prinsipləri, onun əhalinin təhlükəsizliyinin təmin olunması sahəsində vəzifələri, mülki müdafiə sistemində idarəetmənin və qarşılıqlı fəaliyyətin təşkili, əhalinin mühafizəsi üsulları barədə məlumat verib.

 

Həmin şöbənin baş məsləhətçiləri Azadə Cəfərova hərbiləşdirilməmiş mülki müdafiə qüvvələrinin təşkili, onların hazır vəziyyətə gətirilməsi qaydaları, Afaq Alməmmədova isə fövqəladə hallar zamanı zərərçəkənlərə ilk yardımın necə göstərilməsindən bəhs ediblər.

 

İnteraktiv formada keçirilən tədris-metodiki toplanış zamanı qeyd olunan bütün məsələlər nəzəri cəhətdən izah olunub, suallar ətraflı şəkildə cavablandırılıb.

 

Tədbirin sonunda iştirakçılara muxtar respublikada ehtimal olunan fövqəladə hadisələr zamanı əhalinin vaxtında xəbərdar olunması, belə hallarda düzgün davranış qaydalarına əməl etməsi məqsədilə hazırlanan “Əhali üçün yaddaş” bukletlər təqdim olunub.