Muxtar respublika üçün xarakterik olan fövqəladə hallar izah olunur

...

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi səlahiyyətlərinə uyğun olaraq muxtar respublika ərazisində insanların həyatının və sağlamlığının fövqəladə hallardan qorunması və əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilir.

Belə ki, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması və Dövlət Yanğın Nəzarəti idarələrinin əməkdaşlarının iştirakı ilə maarifləndirici tədbirlər və seminarlar keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, muxtar respublika üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yaşayış sahələrində yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları, yay mövsümü dövründə taxıl, əkin-otlaq sahələrində və meşələrdə yanğın təhlükəsizliyi tədbirləri, dəm qazı təhlükəsindən qorunmanın yolları barədə ətraflı məlumat verilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb. Tədbirlər müddətində iştirakçılara videoçarx və slaydlar təqdim olunub.