Mülki müdafiə və əməliyyat planlaşdırma işinin təşkili idarəsi tərəfindən tədris-metodiki toplanış və mülki müdafiə sahəsində sənədlərə baxış keçirilib

...

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən idarə, müəssisə və təşkilatlarda yaradılan hərbiləşdirilməmiş mülki müdafiə qüvvələrinin, rəhbər, komandir-rəis heyətinin fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına hazırlıqlı olması, sülh və müharibə dövrlərində baş verən fövqəladə hallarda mühafizənin üsul və qaydalarının öyrədilməsi məqsədilə silsilə tədbirlər keçirilir.

Belə ki, Nazirliyin Mülki müdafiə və əməliyyat planlaşdırma işinin təşkili idarəsinin əməkdaşları tərəfindən Naxçıvan Baş Gömrük İdarəsi və tabeli qurumlarının, Naxçıvan Regional Miqrasiya Baş İdarəsinin, Dövlət Arxiv İdarəsi və Culfa rayonunun hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin komandir-rəis heyətləri ilə “Fövqəladə hallar zamanı idarəetmənin, qarşılıqlı fəaliyyətin təşkili, hərbiləşdirilməmiş mülki müdafiə dəstələri və komandir-rəis heyətinin təyinatı, tərkibi və vəzifələri” mövzusunda tədris-metodiki toplanışlar və mülki müdafiə sahəsində zəruri sənədlərə baxış keçirilib.  

Tədris-metodiki toplanışlar zamanı aidiyyəti dövlət orqanlarının fövqəladə hallar zamanı üzərinə düşən məsul vəzifələr müzakirə edilib, onlara metodiki köməklik göstərilib, bu orqanlarda yaradılan hərbiləşdirilməmiş mülki müdafiə qüvvələrinin heyətlərinə fövqəladə hadisələr zamanı yarana biləcək təhlükələrdən mühafizənin üsul və vasitələri öyrədilib, işçilərin təxliyə edilməsi, fərdi və kollektiv mühafizə vasitələrindən istifadəsi üzrə fəaliyyət qaydaları haqqında onlara ətraflı məlumat verilib.

Bununla yanaşı müəssisələrdə mülki müdafiə və fövqəladə hadisələrdən mühafizə sahəsində mövcud normativ-hüquqi sənədlərin tələblərinin rəhbər, komandir-rəis heyəti tərəfindən yerinə yetirilməsi və hərbiləşdirilməmiş mülki müdafiə qüvvələrinin tərkibi, şəxsi heyətin mülki müdafiə üzrə funksional vəzifələri, eləcə də manqa komandirləri tərəfindən 12-15 saatlıq tədris proqramı əsasında keçirilən mövzular üzrə daimi hazırlığın təşkili üzrə məsələlər diqqətə çatdırılıb.

İnteraktiv formada keçirilən tədris-metodiki toplanış zamanı qeyd olunan bütün məsələlər nəzəri və praktiki cəhətdən izah olunub, suallar ətraflı şəkildə cavablandırılıb.