“Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları, dəm qazı təhlükəsindən qorunmanın yolları” mövzusunda maarifləndirmə tədbirləri keçirilib

...

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi səlahiyyətlərinə uyğun olaraq muxtar respublika ərazisində insanların həyatının və sağlamlığının fövqəladə hallardan qorunması və əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilir.

 

Belə ki, Nazirliyin Fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması və Dövlət Yanğın Nəzarəti idarələrinin əməkdaşları tərəfindən Naxçıvan Dövlət Universitetində, Naxçıvan Müəllimlər İnstitutunda, Naxçıvan şəhər 8 nömrəli, Babək şəhər 1 nömrəli, Kəngərli rayon Şaxtaxtı kənd tam orta məktəblərdə maarifləndirici tədbirlər və seminar-müşavirələr keçirilib.

 

Tədbirlərdə fövqəladə halların təsnifatı, muxtar respublika ərazisi üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yaşayış sahələrində yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları, yanğın təhlükəsizliyi tədbirləri barədə ətraflı məlumat verilib.

 

Tədbirlər müddətində iştirakçılara, valideyn himayəsindən kənarda kirayədə yaşayan tələbələrə məişət qaz cihazlarından, suqızdırıcılarından təhlükəsiz istifadə qaydaları, cihazların istifadəsi zamanı yaranan dəm qazı təhlükəsi, tüstü borularının və qaz xətlərinin düzgün quraşdırılması, cihazların vaxtlı-vaxtında mütəxəssis yoxlanışından keçməsi, tüstü boruları və bacalarının təmizliyinə daima diqqət yetirilməsinin vacibliyi diqqətə çatdırılıb.

 

Həmçinin Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xətti və Dövlət Yanğından Mühafizə Hissələrinin 101 xidməti nömrələrinin təyinatı izah olunub.

 

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb. Tədbirlər müddətində iştirakçılara videoçarx və slaydlar təqdim olunub.