Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi səlahiyyətlərinə uyğun olaraq muxtar respublika ərazisində insanların həyatının və sağlamlığının fövqəladə hallardan qorunması və əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilir.
Belə ki, Nazirliyin Fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması idarəsinin əməkdaşları tərəfindən Naxçıvan şəhər Tumbul kəndi və Ordubad rayon Dəstə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində, Heydər Əliyev adına tam orta məktəbdə, Naxçıvan Qızlar Liseyində, Ordubad şəhər tam orta internat məktəbində, “Bazar” Məhdud Məsuliyyətli Cəmiyyətində və Şəfa Özəl Tibb Mərkəzində maarifləndirici tədbirlər və seminarlar keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, muxtar respublika üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yaşayış sahələrində yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış və yay mövsümü dövründə taxıl, əkin-otlaq sahələrində və meşələrdə yanğın təhlükəsizliyi qaydaları, dəm qazı təhlükəsindən qorunmanın yolları barədə ətraflı məlumat verilib, həmçinin Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xətti və Dövlət Yanğından Mühafizə Hissələrinin 101 xidməti nömrələrinin təyinatı izah olunub.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb. Tədbirlər müddətində iştirakçılara videoçarx və slaydlar təqdim olunub.