Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti İdarəsi səlahiyyətlərinə uyğun olaraq, yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu çərçivədə, İdarə Yeni il bayramı münasibətilə keçiriləcək şənliklərdə yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə yanğına qarşı təbliğat və nəzarət tədbirlərini daha da gücləndirib. Belə ki, idarənin əməkdaşları uşaq bağçalarında yanğın-texniki müayinə və maarifləndirmə tədbirləri keçirirlər.
Tədbirlərdə ehtiyat çıxış yollarının tutulmasının, zallara normadan artıq insan buraxılmasının, pirotexniki vasitələrdən istifadə olunmasının yolverilməzliyi, küknar ağacının yerə möhkəm bərkidilməsinin, işıqlandırmada saz və standartlara uyğun vasitələrdən istifadə olunmasının, obyektlərin ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin vacibliyi diqqətə çatdırılır. Həmçinin, tədbirlərdə mövzu ilə bağlı geniş müzakirələr aparılır, zəruri tövsiyələr verilir, suallar cavablandırılır, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş olunur, maarifləndirici çap məhsulları paylanılır.