Əhalinin fövqəladə hallardan qorunması və bu sahədə maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilir

...

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq muxtar respublika ərazisində əhalinin fövqəladə hallardan qorunması və bu sahədə maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilir.

Belə ki, Nazirliyin Fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması idarəsinin əməkdaşları tərəfindən “Darıdağ Karbon”, “Karton Tara” “Dekor Qrup” və “Cahan Tabak Beynəlxalq” Məhdud Məsuliyyətli Cəmiyyətlərində, Əliabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində maarifləndirici tədbirlər keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış qaydaları barədə iştirakçılara zəruri biliklərin çatdırılması olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, muxtar respublika ərazisi üçün xarakterik olan fövqəladə hallar, fövqəladə hallar zamanı davranış qaydaları, yanğın təhlükəsizliyi tələbləri, dəm qazı təhlükəsindən qorunma yolları, yay mövsümündə dənli və texniki bitki sahələrində, habelə meşə ərazilərində yanğın təhlükəsizliyinin təmin edilməsi, həmçinin Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinin və Dövlət Yanğından Mühafizə hissələrinin 101 xidmət nömrəsinin təyinatı barədə ətraflı məlumat verilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Tədbirlər çərçivəsində videoçarxlar nümayiş etdirilib, slayd təqdimatları göstərilib.