Əhalinin fövqəladə hallardan qorunması ilə bağlı maarifləndirici tədbirlər keçirilib

...

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən əhalinin fövqəladə hallardan qorunması və bu sahədə maarifləndirilməsi məqsədilə muxtar respublika ərazisində silsilə tədbirlər həyata keçirilir.

Bu çərçivədə Nazirliyin Mülki müdafiə və əməliyyat planlaşdırma işinin təşkili idarəsi və Fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması idarələri tərəfindən Sədərək rayonunda, “Azəriqaz” İstehsalat Birliyinin Naxçıvan Regional Qaz İstismarı İdarəsində, Babək rayonunun Cəhri qəsəbəsi üzrə İnzibati Ərazi Dairəsi Nümayəndəliyində, Naxçıvan şəhər 9 nömrəli, Babək rayon Araz kənd və Şərur rayon Xanlıqlar kənd tam orta məktəblərində maarifləndirici tədbirlər keçirilib.

Tədbirlərin əsas məqsədi iştirakçılara təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış qaydalarını aşılamaq, onların bu sahədə bilik və bacarıqlarını artırmaq olub.

Tədbirlər zamanı fövqəladə halların təsnifatı, muxtar respublika ərazisi üçün xarakterik olan fövqəladə hadisələr və belə hallarda davranış qaydaları barədə ətraflı məlumat verilib. Həmçinin yanğın təhlükəsizliyi tələbləri, dəm qazından qorunma yolları, taxıl sahələrində və meşə ərazilərində yanğın təhlükəsizliyinin təmin edilməsi məsələlərinə toxunulub.

Bununla yanaşı, fövqəladə hallar zamanı xəbərdarlıq siqnallarına uyğun davranış, təxliyənin təşkili, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə, təhlükəsiz ərazilərə keçid və digər mülki müdafiə qaydaları izah edilib.

İnteraktiv formada keçirilən tədbirlərdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzulara uyğun videoçarxlar nümayiş etdirilib və slayd təqdimatları vasitəsilə əyani məlumatlar verilib.