Dövlət Yanğından Mühafizə İdarəsinin şəhər və rayon hissələrində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunan tədbirlər keçirilib

...

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin şəhər və rayon hissələrində “Ulu öndər Heydər Əliyevin həyatının Naxçıvan dövrü” mövzusunda keçirilən tədbirlərdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunub.

Tədbirlərdə çıxış edənlər muxtar respublikanın yaradılmasının Azərbaycanın, habelə bölgənin tarixində böyük əhəmiyyət kəsb etdiyini və xalqımızın həyatında əlamətdar hadisəyə çevrildiyini qeyd ediblər. Diqqətə çatdırılıb ki, qədim, milli dövlətçilik ənənəsinin çoxəsrlik tarixi olan Naxçıvan hər zaman Azərbaycan dövlətçiliyinin sütunu olub, xalqımıza məxsus mədəniyyəti, adət-ənənələri, ən vacibi isə, tarixi ərazisini qoruyub saxlaya bilib, müasir dövrümüzədək gətirib çıxarıb.

Naxçıvanın davamlı inkişafında ümummilli lider Heydər Əliyevin böyük xidmətlərinin olduğu qeyd edilərək diqqətə çatdırılıb ki, Ulu Öndərin hakimiyyətə gəldiyi vaxtlardan etibarən daim qədim Naxçıvanı diqqətdə saxlayıb, muxtar respublikanın gələcəyi ilə bağlı ən vacib qərarların təşəbbüskarı olub.

Bildirilib ki, 100 il tarixə malik Naxçıvan Muxtar Respublikası son 30 ildə tarixi inkişaf yolu keçib. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurla, ləyaqətlə davam etdirilməsinin nəticəsidir ki, bu gün Naxçıvan inkişaf dövrünü yaşayır və muxtar respublika 100 illik yubileyini böyük nailiyyətlərlə qeyd edir.

Sonda Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunan video material nümayiş olunub.