Fövqəladə Hallar Nazirliyinin Akademiyasına kursant qəbulu elan edilir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2024/2025-cü tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edilir.

Akademiyada “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” və “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir.

Təhsil müddəti 4 ildir. Təhsil dövlət sifarişi əsasında ödənişsiz əsaslarla əyani şöbədə həyata keçirilir. Tədris Azərbaycan dilində aparılır.

Akademiyada müasir avadanlıqlarla təchiz edilmiş təlim qurğuları, ixtisaslaşdırılmış auditoriyalar, laboratoriyalar, xüsusi fənn kabinələri kursantların istifadəsindədir.

Akademiyaya qəbul olan şəxslər təhsil müddətində yemək, xüsusi geyim forması və yataqxana ilə təmin olunur, təqaüd alırlar.

Akademiyanın məzunlarına seçdikləri ixtisasa uyğun “bakalavr” ali peşə-ixtisas dərəcəsi, hərbi və ya xüsusi rütbələr verilməklə Fövqəladə Hallar Nazirliyinin qurumlarında müvafiq vəzifələrə təyin edilirlər.

Akademiyaya qəbula namizədlər boyu 170 sm-dən az olmayan, tam orta təhsilli və ya tam orta məktəbin buraxılış sinfində oxuyan, 17 yaşı 15 sentyabr 2024-cü ilədək tamam olan, yaxud müddətli həqiqi hərbi xidmətini başa vuraraq ehtiyata buraxılmış və 23 yaşı 15 sentyabr 2024-cü ilədək tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilir.

Akademiyaya qəbul olmaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

· tərcümeyi-hal (abituriyentin şəxsən özü tərəfindən yazılmış);

· şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti;

· hərbi biletin və ya ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqəsinin əsli və notarial qaydada təsdiq olunmuş surəti;

· tam orta məktəbdən, işlədiyi təqdirdə iş yerindən və ya hərbi hissədən xasiyyətnamə;

· tam orta təhsil haqqında sənədin əsli və notarial qaydada təsdiq olunmuş surəti, yaxud tam orta məktəbin buraxılış sinfində oxuması haqqında müəyyən olunmuş formada arayış;

· yaşayış yerindən arayış;

· 4 ədəd 6x4 sm ölçüdə fotoşəkil ağ fonda,

· Dövlət İmtahan Mərkəzinin rəsmi saytında təsdiqlənmiş abituriyentin elektron ərizəsi.

Xüsusi həkim ekspertiza komissiyasına təqdim edilən sənədlər:

· DƏRİ-ZÖHRƏVİ dispanserindən arayış, qanın RW markerinə görə müayinəsinin nəticəsi ilə;

· RUHİ-ƏSƏB dispanserindən arayış;

· NARKOLOJİ dispaserindən arayış;

· VƏRƏM dispanserindən arayış , Döş qəfəsi orqanlarının rentgen müayinəsinin nəticəsi ilə;

· Son 5 il ərzində qeydiyyatda olduğu poliklinikaya müraciəti haqqında arayış;

· Qanın İİÇV (HİV) antitellərinə görə müayinəsi;

· Burunətrafı ciblərin rentgenoqrafiyası;

· Sidiyin ümumi analizi;

Qeyd: Bütün arayışların qeydiyyat tarixi, nömrəsi, imzası və möhürü olmalıdır.

Qəbul imtahanı test üsulu ilə birinci mərhələdə buraxılış imtahanları fənləri üzrə, ikinci mərhələdə isə I ixtisas qrupunun fənləri üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir.

Sənədlər mart ayının 1-dən aprel ayının 15-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Fövqəladə Hallar Nazirliyinin Akademiyasında (ünvan: Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi-8) və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində (Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi) qəbul edilir.

Əlaqə telefonları: (012) 512-41-61; (012) 512-41-20; (036) 544-48-50.